Günün ən mübahisəli mövzularından birinə münasibət bildirmək istərdim. Əvvəla onu deyim ki, vaxtaşırı gündəmə gələn, gətirilən bu mövzu məni heç vaxt biganə qoymayıb. Televiziya fəaliyyətim zamanında belə, hicab məsələsinə həm öz münasibətimi həm də, ölkə ziyalılarının münasibətini, fərqli münasibətləri sərgiləyə bilmişəm. Fəqrli fikirləri səsləndirmək, yəni ən azı səsləndirmək, mövzu ətrafında gərginliyi azaldan bir şeydir. Hər iki tərəf , əsasən də əks qütblər fikirlərini səsləndirməli və qarşı tərəfin atqumentlərini dinləməyi bacarmalıdır. Lakin, gördüyümüz kimi bu, baş vermir.
Mən vicdan azadlığının tərəfdarıyam, hər bir kəs əqidəsinə uyğun olaraq yaşamalıdır. Hicab da əqidə məsələsidir. Bunu bəsitləşdirib, primitiv şəkildə, namus qeyrət müstəvisinə salmaq sadəcə olaraq möhtəkirliyə meydan verməkdir. Hesab edirəm ki, əqidəsinə uyğun olaraq, qapanmaq, hər kəsin öz işidir və bunu insanlara qadağan etmək olmaz. Hicablı qadınlar, pasport üçün qapanmış bir şəkildə foto çəkdirməli, xarici pasport ala bilməli, seçkilərdə iştirak etməlidirlər. Bilirsiniz ki, bu qadağa onların seçkidə iştirakını və səyahət etmək haqqını məhdudlaşdırır.
O ki, qaldı məktəbli qızların hicabla məktəbə
O ki, qaldı məktəbli qızların hicabla məktəbə gəlməsinə, burda birmənalı şəkildə fikir bildirmək mümkün deyil. Hesab edirəm ki, məktəbliləri hicaba görə dərslərə buraxmamaq, onlara qarşı bir zor işlədilməsidir, həmçinin fikri, əqidəsi formalaşmamış, az yaşlı övladına hicab bağlatdırmaq da valideyn tərəfindən uşağına bir zor tətbiqidir. Hicab əqidə məsələsidirsə, bu qərarı əqidəsi tam şəkildə formalaşmışiş insan özü verməlidir.
Odur ki, istər hicablı qızları təhsil ocağına buraxmayanları, istərsə də, qızlarına qapanmağı hökm edən valideynləri qınayıram. Hər iki tərəf anlasa ki, bu yaşda olan qızlara və oğlanlara təhsil almaq hər şeydən daha önəmlidir, o zaman bu problemə rəvac verməklə təhsili əngəlləməzdilər. Yenə də təkrarlayıram ki, vicdan və əqidə azadlığı hər kəsin öz işidir və heç kimə sırınmamalıdır, həmçinin ailə üzvlərinə də.