Monday, June 27, 2011

Gümbəz üstə girdəkan



Nə deyirsiniz deyin, mənim aləmimdə köşəni lap hambal da yazar! Bir şərtlə ki, o hambal Dadash olsun! Deyilənə görə, ötən əsrin əvvəllərində Bakıda məşhur bir hambal varmış- hambal Dadash. İşinin peşəkarı imiş. Ağır tayları, ichi yeni məkana köçənlərin lazımlı -lazımsız əşyaları ilə dolu kisələri  elə məharətlə daşıyarmış ki, nə mal sahibinin, nə də əşyaların ruhu belə inciməzmiş. Qulaq şahidiyəm... Fizika müəllimimiz, köhnə Bakılı rəhmətlik Vaqif nüəllim tez- tez çəkərdi həmin hambal Dadaşın adını. Bizə deyərdi ki, ay uşaq, vallah, fizikanı öyrənmirsiniz öyrənməyin, lap gedin hambal olun. Amma olanda da Dadash kimi hambal olun ki, adınız dillərdə gəzsin. Həmin bu Vaqif müəllim fizikanın istənilən qanunundan danışmazdan əvvəl, buna aid gözəl məsəllər gətirər, rəvayətlər danışardı. Məsələn, bir dəfə qovsvari səth üzərində istənilən girdə əşyanın diyirlənməsi barədə hansısa bir qanundan  bəhs etməzdən öncə farsca belə bir zərb məsəl oxudu bizlərə: “Tərbiyeyei naəhli dan, çün girdəkan, gər günbəzəst”. Yəni nadan adama tərbiyə vermək, gümbəzin ustunə ceviz qoymağa bənzər- bütün hallarda orda qalmayacaq, diyirlənib düşəcək.
Bunu nədən xatırladım. Öncəki yazımda , müxtəsəri, belə fikir yazmışdım ki, ay cammat, ay oxucu, oxuyanda mənaya fikir verin, şəklə, başlığa, şok  açıqlama deyə ichi bosh fındıqlara yox. Sonunda aldığım “oxucu” şərhinə bir baxın da : “elə bilirsən səndən gözəli yoxdur? Var, amma heç onlar özündən belə razı deyillər” ... Nə isə, mən deyirəm, həmdən həmə, bunlar deyir, dəmdən dəmə. Qoy desinlər, mən yenə deyəcəyəm, istər TV lərdə, istər qəzetlərdə, istərsə də saytlarda şou yaradanların nə xəbərçiliyə, nə də jurnalistikaya dəxli yoxdur. Deyəcəksiniz, xeyir ola, Tvlərlə qəzetləri bir elədin? Bəli, elədir ki var. Özünüz deyin. Gicgicə, boşboğaz verilişlərdə yava- yava danışan, diqqəti ancaq bərbəzəkli, bəzən də  açıq- saçıq paltarları, yersiz  jest və bədən hərəkətləri,və bir də geyri adi məharətlə ifa etdikləri cəfəngiyyatdan başqa bir şeylə cəlb edə bilməyən tele aparıcıların, yazısını  “Shol shok shok” ya da “Fləş, fləş, fləş!” nidası və ədasıyla  başlayan köşə yazarları ilə necə də oxşarlıqları var.
Təsadüfi deyil ki, bu günlərdə ünsiyyətfə olduğum bir grup tələbə jurnalistlərin yarısı televiziya aparıcısı, o biri yarısı da köşə yazarı olaraq karyeralarına başlamaq qərarındadırlar. Birinci qismlə hər şey aydındır, zənnimcə. İkinci qism, yəni köşə  yazmaq niyyətində olanlardan sual etdim, nədən bu arzuda olduqlarını öyrənmək istədim. Cavabı mənə məlum olan sual idi, əslində.
Bu gəncləri qəzetçiliyin də şou tərəfi daha çox cəlb edir. Yəni bir köşəm olsun, yaninda qurşaqdan yuxarı şəklim, başlayım orda hamıya qurşaqdan aşağı zərbələr endirmələ özümə diqqət çəkməyə.
Amma heç bunların və bir çoxlarının da  xəbəri  yoxdur ki, jurnalistikanın 3- cü mərhləsinə, yəni rəyvermə mərhələsinə çatmazdan öncə, gərək əvvəl xəbərçiliyin hambal Dadaşı olasan, sonra təhlil jurnalistikasının, daha sonra sənə rəy bildirmək kimi ciddi bir məsələni tapşırmaq olar.
Sözümü uzatmayacağam, köşələrə bədənnüma şəkillərinizi qoymazdan öncə. Bu şəkli oxucunuzun obrazında yaradın, qoy  sizə söz demək haqqını o versin.
Özümü oxucu yerinə qoyub da bəyan edirəm, hambal Dadaş sag olsaydı, cəmiyyətdə tanınmış bu peşəkarın istənilən məsələ haqda rəyini öyrənmək mənə maraqlı olardı. Nəinki, ton ton kitablar oxuyub, qatar –qatar diplomları üst- üstə yığıb da cəmiyyət qarşısında zərrə qədər xidməti olmayan, gözüm önündə bədənnüma şəkli ilə peyda olan, tanımadığım və hələ ki tanımaq istəmədiyim bir şəxsin nə haqdasa fikir və mülahizələri. Bəlkə də ağıllı sözlər yazır, bilmirəm, oxumamışam hələ ki. Oxumaq üçünsə onun ağıllı , yaxud maraqlı adam olması mənə artıq məlum olmalıdır. Məlum olması üçünsə, o gərək çox... ama çox çalışsın. Odur ki, qəzetlərin ən iddialı guşələrinə sığınıb özünü köşə yazarı elan edən naməlum imza sahiblərinin köşələrini  oxumuram.

****

Hardasan ay hambal Dadaş. Sag olsaydın, olmayan qəzetimdə sənə bir guşə verərdim və məsələn, bu gün, səndən Liderdə yayamlanan videoterrora münasibətini bildirməyini, fikirlərini köşədə bölüşməyi xahiş edərdim...